Doqquz ayda 354 milyon manat ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ilin yanvar-sentyabr aylarında 354 milyon manat məbləğində ipoteka krediti verib. Bunun 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

Fonddan verilən məlumata görə, ilin əvvəlindən adi ipoteka kreditləri vasitəsilə 2565, güzəştli ipoteka kreditləri ilə isə 816 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 104800 manat olub.

Şəxsi yığımları yetərli olmayan əhali üçün isə 01 oktyabr 2025-ci il tarixinə Fond tərəfindən 132 milyon manat məbləğində 1423 ipoteka krediti üzrə zəmanət verilib. Bu, vətəndaşların daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin edib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib və bu, təxminən 56 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradıb. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.