Bələdiyyə torpaqları ilə bağlı qanuna dəyişiklik edilə bilər

12.06.2025

İstisna hallarda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüquqi və fiziki şəxslərə-vətəndaşlara verilməsi barədə hərrac keçirilməyəcək.

Sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

Layihəyə görə isə, yuxarıda qeyd olunan qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.

Buna görə də qeyd olunan hallar üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazası yaradılır.