Vərəsəlik hüququ ilə bağlı qaydalar DƏYİŞİR

19.05.2025

Vərəsə vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməyəcək.

Bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

Təklif edilən dəyişiklik layihəsində isə sərəncam vermə hüququ yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra olacaq.

Belə ki, layihədə qeyd olunur ki, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz.

Bundan əlavə, mirasdan imtina etməmək, şərti olaraq mirasın qəbulu hesab olunacaq.

Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.