İpoteka krediti götürənlərin əksəriyyətinin gəlirləri 1100 manatdan çoxdur

10.02.2022

2021-ci ilin yekununa əsasən ipoteka krediti əldə etmiş şəxslərin böyük qisminin aylıq gəlirləri 1100 manatdan çoxdur.

İpoteka və Kredit Zəmanəti Fondunun məlumatına görə, bu günədək ipoteka krediti əldə etmiş şəxslərin 59,5 faizinin və 21 887 borcalanın aylıq gəliri göstərilən miqdardan çoxdur.

Onlardan 13,8 faizinin və ya 5 057 borcalanın aylıq gəliri 901-1100 manat arasında, 14,3 faizinin və ya 5 247 borcalanın aylıq gəliri 701-900 manat arasında, 9,6 faizinin və ya 3 540 borcalanın aylıq gəliri 501-700 manat arasında dəyişir, kredit əldə etmiş şəxslərdən 2,8 faizinin və ya 1 031 borcalanın aylıq gəliri isə 501 manata qədərdir.

İpoteka krediti əldə edənlərin 53,5 faizi (19 660 borcalan) dövlət sektorunda, 46,5 faizi (17 102 borcalan) özəl sektorda çalışır. Onlardan 69 faizi evli, 31 faizi subaydır. Borcalanların 81 faizi kişi, 19 faizi qadındır.

Onlardan 35,1 faizinin (12 911 borcalan) yaşı 18-29, 33,8 faizinin (12 438 borcalan) yaşı 30-35 arasında dəyişir, 31,1 faizinin (11 413 borcalan) yaşı isə 35-dən yuxarıdır.

Güzəştli kateqoriyada borcalanlardan 148-i idmançı, 912-si məcburi köçkün, 53-ü şəhid ailəsi, 1 955-i dövlət qulluqçusu, 334 elmlər doktoru və namizədi, 7 308 hərbi qulluqçu, 1090-ı daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər, 723-ü müəllim, 8-i isə milli qəhrəman olub.

İpoteka krediti əldə edənlərin iş yerinə görə bölgüsünə əsasən borcalanların 6 863-ü maliyyə qurumları, 7 194 hərbi, 3 582-si hüquq-mühafizə orqanları, 679-u nəqliyyat, 1 162-si rabitə və informasiya texnologiyaları, 638-i səhiyyə, 1 878-i təhsil, 829-u tikinti, 1 485 yerli və xarici dövlət qurumları, 244-ü sahibkarlıq fəaliyyəti, 823-ü xidmət, 7 350 nəfər digər, 156-sı kommersiya, 30-u fərdi sahibkar, 3 849 energetika sahəsində çalışırlar.

Qeyd edək ki, 2021-ci ilin yekununa əsasən 36 762 nəfər borcalan ipoteka krediti əldə edib.