“Prezident İlham əliyevin imzaladığı Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiq təsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu o deməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda nəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədən bəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, beton əsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır”.
Bu açıqlamanı mediaya Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev verib.
O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə və quraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildə qeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və ya dəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində quraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa edilən tikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə, anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlı torpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə yolverilməzdir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqında Fərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı öz əksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə, karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cür tikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilə bilər.
Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda göstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandır və bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyəti yaradır.