Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirəcək şirkət axtarır.
MİDA bununla bağlı satınalma müsabiqəsi elan edib.
Eyni zamanda agentlik tikintiyə sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmini də müəyyənləşdirib. Belə ki, qəsəbə ərazisində 4,5 ha torpaq sahəsində 12 ədəd çoxmərtəbəli yaşayış binasının, eləcə də 3 ədəd birmərtəbəli qeyri-yaşayış binalarının tikintisinə 105 milyon 840 min manat vəsaitin xərclənəcəyi ehtimal olunur.
Tikintisi nəzərdə tutulan 1, 4, 5, 10, 11 və 12 nömrəli bina 12 mərtəbəli, 2, 3, 6, 7, 8 və 9 nömrəli bina isə 16 mərtəbəli olacaq.
MİDA hazırda tikinti işlərinin icrasını həyata keçirəcək podratçı şirkət axtarışındadır.
Xatırladaq ki, Saraydakı yeni yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması işləri hələ ötən ilin sentyabrında “Arch-tikinti” şirkəti həvalə olunub.